Əlbəttə, hər bir insan yaxşı başa düşür ki, düzgün peşə yönümü, yəni professional istiqamətlənmə, istənilən işdə yüksək nəticələr qazanıb, beləliklə də həyatda öz yerini tutmaq üçün həlledici rol oynayır. Lakin bəzən bir çox insan ürəyinə yatmayan, meyli olmayan və ya qabiliyyəti çatmayan peşə seçib, həmin işlə məşğul olduqda istədiyi nəticələr əldə edə bilmir.
Belə insanlar, öz peşə yönümünü müəyyənləşdirə bilməyib, həyat boyu bunun neqativ nəticəsini hiss edirlər.
Təbiət bizim hər birimizə bu və ya digər dərəcədə individual keyfiyyətlər bəxş edib. Həmin keyfiyyətlərlə bağlı olaraq, bəziləri insanlara xidmət göstərməyi, bəziləri texnika ilə işləməyi sevir, kimsə zehni, kimsə fiziki işlə məşğul olmağa üstünlük verir, digərləri isə şəkil çəkməyi və ya heyvanlara qulluq etməyi xoşlayır və s.
Məsələn, siz rəsmə çox böyük həvəs göstərir və bu işdə gözəgörünən uğurlar əldə edə bilirsiniz. Lakin müəyyən səbəblərə görə həmin istedadı özünüzdə inkişaf etdirmir, əvəzində isə təbiətinizə zidd olan bir peşə seçirsiniz – məsələn, baytarlıq və s. İnanın ki, təsadüfi seçdiyiniz bu sahədə heç vaxt önəmli uğurlar əldə etməyib, layiqli yer tuta bilməyəcəksiniz - əksinə, kiminsə yerini tutmuş olacaqsınız.
Lakin əgər dərk etsəniz ki, həmin qabiliyyəti özünüzdə inkişaf etdirməlisiniz və bunu dərk edib düzgün peşə yönümü alsanız, kim bilir - bəlkə də, dünyaşöhrətli tanınmış rəssam olacaqsınız.
Beləliklə, hər bir insan, ən əsası, nəyə meylli və qadir olduğunu aşkar edib, özündə həmin keyfiyyətləri inkişaf etdirməlidir.
Diqqətinizə təqdim etdiyimiz testlər bu işdə sizə kömək edir, beləliklə də, gələcək ixtisasınızı seçməkdə, özünüzə ən münasib, ən optimal olan peşə yönümünü müəyyənləşdirməkdə yardımçı olacaq. |