Reklam verin!
Yuma Ailə Jurnalı
     
 

55 sayli orta mekteb

10A

"Orta məktəblərdə şagirdlərin sayı ildən-ilə azalır"

"Orta məktəblərdə şagirdlərin sayı ildən-ilə azalır"
Təhsil naziri Misir Mərdanov: «Biz şagirdlərə ümumi orta təhsil vermirik, ali məktəblərə qəbul üçün robot hazırlayırıq»

- Bu il məktəbi nə qədər şagird bitirib?

- Əvvəla, mən bir məsələni qeyd etmək istəyirəm. Bu gün iyun ayının biridir. Bütün dünyada Uşaqların Hüquqlarını Müdafiə Günü kimi bayram edilir. Fürsətdən istifadə edib ANS-in ekranlarından bütün uşaqlarımızı bu münasibətlə təbrik edirəm. Onu da qeyd edim ki, bu gün ikinci bir tarixi hadisə baş verdi. Azərbaycan tarixində ilk dəfə olaraq Uşaq Parlamentinin ilk iclası keçirildi.

Statistik rəqəmlərə gəldikdə isə, bu il ölkəmizin ümumtəhsil məktəblərinin 11-ci siniflərini 120 min 81 uşaq bitirəcək. 9-cu sinifləri isə 160 min 614 nəfər. Birinci siniflərə 120 min 300 uşağın gələcəyi gözlənilir. Ali məktəblərə qəbul planı təxminən 20 mindir. Ali məktəbi bitirənlərin də sayı təxminən bu qədərdir, 19 min 355 nəfərdir. Texnikumları 12 min 777 nəfər bitirəcək, təxminən bu qədər də qəbul planıdır. Peşə təhsili məktəblərini 14 min 882 nəfər bitirəcək, 15 min 470 nəfər isə peşə məktəblərinə qəbul planı nəzərdə tutulub. Bu, statistik rəqəmlərdir. Onu da deyim ki, son on ildə orta məktəblərin 1-ci sinfinə qəbul olunmada ciddi azalma gedir.

- Bu, nə ilə bağlıdır?


- Bu, mənə belə gəlir ki, ilk növbədə Qarabağ müharibəsi ilə bağlıdır. Müəyyən illərdə doğulma az olub. Bir də ola bilər ki, miqrasiya ilə, Azərbaycandan gedənlərin sayı ilə bağlı olsun. Əsasən bu iki səbəbdən orta məktəb şagirdlərinin sayı xeyli azalıb.

- Sizin dediyinizdən aydın oldu ki, orta məktəbi qurtaranlardan yalnız hər altı nəfərdən biri instituta ümid edə bilər. Həm də altı nəfərdən biri də texnikumlara qəbul ola bilər. Bəs qalanları neyləyirlər?


- Oğlan uşaqlarının əksəriyyətinin əsgərlik yaşı tamamlanır, əsgərliyə gedir. Qız uşaqları isə oxumaq istəyində olanlar növbəti ilə hazırlaşırlar. Digərləri isə özlərinə bir iş tapırlar.

- Belə bir monitorinq keçirilibmi ki, birinci il ali məktəbdən kəsilənlərin ikinci il qəbul olmaq şansı nə qədərdir?

- Əlbəttə, getdikcə azalır. Belə bir araşdırma aparmışıq. Birinci il məktəbə qəbul olmadınsa, sonra getdikcə məsələ çətinləşir. Çünki biliklər də itirilir. Eyni zamanda, Rusiyaya, digər MDB ölkələrinə təhsil almağa gedənlər də var. indi Azərbaycandan kənarda dörd min nəfər ali təhsil almaqda davam edir.

- Peşə məktəblərində vəziyyət necədir? Bu sahədə bir müddət əvvəl vəziyyət bərbad idi. İndi vəziyyət dəyişib?


- Ümumiyyətlə bizdə təhsildə iki pillənin problemləri daha çoxdur. Məktəbəqədər tərbiyə müəssisələrinin və peşə təhsili müəssisələrinin. Məktəbəqədər təhsil müəssisələri, yəni bağçalarla bağlı prezident tərəfindən iki addım atıldı. Bir tərəfdən 14 faizə qədər bağçalar özəlləşdirilməyə çıxarıldı. Mən bunu müsbət hal hesab edirəm. Digər tərəfdən də məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramı təsdiq olundu. Artıq yeni uşaq bağçalarının tikilməsi, mövcud uşaq bağçalarının əsaslı təmir olunması, kadr təminatı, dərs vəsaitləri və sair məsələlərə gələn ilin büdcəsindən müəyyən vəsait ayrılacaq. Peşə təhsilinə gəldikdə isə, burada vəziyyət daha çətindir. Biz həmişə etiraf etmişik ki, son otuz il ərzində texniki peşə məktəblərində heç bir müasir avadanlıqlar alınmır. Yeni dərsliklər çap olunmur. Köhnə dərsliklərdən, avdanlıqlardan istifadə çox çətindir. Ancaq peşə təhsili bitirən adamların heç biri işsiz qalmır. Məsələn, dünyanın inkişaf etməkdə olan ölkələrində ümumi orta təhsil müəssisələrini bitirənlərin təxminən 40-60 faizi peşə təhsili almağa gedir. Azərbaycanda isə mənim sadaladığım və sadalamadığım səbəblərdən orta məktəbi bitirənlərin 4-6 faizi peşə təhsili almağa gedirlər. Mənə belə gəlir ki, bizim tərtib və təqdim etdiyimiz, dəfələrlə üzərində işlənmiş «Peşə təhsilinin inkişafı proqramı» artıq tam hazırdır. Biz gözləyirik ki, bu ayın axırına qədər prezident tərəfindən təsdiq olunacaq. Əgər o proqram təsdiq olunarsa, proqramın aparılmasına bir sıra beynəlxalq təşkilatlar uğurla kömək etməyə hazırdırlar. Mənə belə gəlir ki, biz qısa zaman ərzində Azərbaycanda peşə təhsilinin inkişafına nail ola biləcəyik.

- Tədris ili başa çatıb. Bu il məktəbi bitirən məzunlar hələ ali məktəbə daxil olmaq üçün imtahan verməsələr də, monitorinqlərə əsasən onalırn bilik səviyyəsini qiymətləndirmək olar. Onların bilik səviyyəsi barədə nə deyə bilərsiniz? Məzunların bilik səviyyəsi qənaətbəxş haldadır?


- Əlbəttə, 120 min məzunun hamısının bilik səviyyəsinin qənaətbəxş olduğunu demək olmaz. Biz bu məsələyə son illər çox ciddi fikir veririk. Biz Azərbaycanda yeni qiymətləndirmə sistemi tətbiq etmək üçün addımlar atırıq. Keçən il İmişli rayonunda və Bakının Xətai rayonunda orta məktəbi bitirən şagirdlərdən buraxılış imtahanlarını mərkəzləşmiş qaydada test üsulu ilə götürdük. Nəticələr o qədər də ürəkaçan olmadı. Çoxlu sayda şagirdlər attestat ala bilmədi. Ancaq attestat alanların ali məktəblərə qəbul faizi əvvəlki ilə nisbətən xeyli yüksək oldu. Valideynlərin də, şagirdlərin də, müəllimlərin də məsüliyyəti xeyli artdı. Ona görə biz bu coğrafiyanı genişləndirdik. Yəni, bu il Sumqayıtın bütün məktəblərində buraxılış imtahanları mərkəzləşmiş qaydada aparılacaq. Bakının Xətai və Səbail rayonlarında bu işə gedirik. Təhsil Nazirliyi ilə bağlı olan 12 məktəbdə bu işə gedirik. Yəni, bu il sözügedən məsələyə daha ciddi yanaşırıq. Mən gözləyirəm ki, bu ilin nəticələrinin monitorinqini keçirəndən sonra biz gələn il çalışacağıq ki, Bakı, Gəncə, Sumqayıtda və bir neçə rayonlarda bütün məktəblərdə mərkəzləşmiş test üsulu ilə imtahanları keçirək. Bu, son yenilik deyil. Başqa bir yenilik də etmişik. Digər rayonlarda da məktəblərdə buraxılış sinfində oxuyan şagirdlərin sayı ondan aşağı olan məktəblərdə buraxılış imtahanları keçirilməyəcək. O məktəbin şagirdləri qonşu məktəblərdə, daha böyük məktəblərdə gedib imtahan verəcəklər. Bununla biz yenə də məsuliyyəti artırmaq məqsədi güdürük. Mənə belə gəlir ki, hər halda, müsbət dəyişiklik olacaq.

- Elə məktəblər var ki, orada sonuncu sinif şagirləri, hətta onuncu sinif şagirdləri də dərsə demək olar ki, gəlmirlər. Onlar ancaq repetitorlarla əvvəlcədən seçdikləri ixtisas üzrə hazırlaşırlar. Belə məsələlərdən sizin xəbəriniz var?

- Əlbəttə var. biz hətta son günlər Bakının bir neçə orta məktəbində xəbər vermədən reydlər keçirmişik. «Azərbaycan müəllimi» qəzetində olduğu kimi siniflərin şəklini vermişik. Sizin dediyiniz, hətta demədiyiniz faktları aşkarlamışıq. Çox təəssüf ki, onuncu, onbirinci şagirdlər dərslərə gəlmirlər. Vaildeynlər də buna tərəfdardırlar, şərait yaradırlar. Beləliklə, biz o adamlara ümumi orta təhsil vermirik, ali məktəblərə qəbul üçün onları robot kimi hazırlayırıq. Bu, bizim təhsilimizə vurulan ağır zərbələrdən biridir. Repetororluğun geniş yayılması təhsilin inkişafına mənfi təsir göstərir. Araşdırma göstərir ki, repetitor vasitəsilə ali məktəbə qəbul olan şagirdlər sonrada yüksək nəticə göstərə bilmirlər. Bu, bizim ən ciddi problemimizdir. Bunun da səbəbi var. Səbəblərindən biri odur ki, biz ümumi orta təhsilin keyfiyyətini millətin, xalqın tələbat səviyyəsində qura bilməmişik. Ali məktəblərə qəbul imtahanı aparanlar ümumi orta təhsilin səviyyəsini deyil, təəssüf ki, yalnız ali məktəbə qəbul barədə düşünürlər. Mən bunu çox mənfi hal hesab edirəm. Bizim ümumi işimiz millətin təhsil səviyyəsini qaldırmaqdan ibarətdir. Mən bu məsələni Təhsil Qanununun müzakirəsi zamanı da söyləmişəm. Biz millətimizə gərəkli olan adamlar hazırlamalıyıq.

- İndi ali məktəblərə imtahanlar zamanı bir neçə qruplar var. Humanitar qrup, texniki qrup var. Olmaz ki, şagird hansı qrupdan ali məktəbə imtahan verəcəksə, həmin qrup üzrə buraxılış imtahanı versin?


- Olar. Onda gərək atestatların fərqli olması qanuna düşsün. Yəni, fərqli, dərəcəli attestatlar verilməlidir. Dərəcəli attestatlara uyğun olaraq ali məktəblərə uşaqlar daxil olmalıdırlar. Biz hələ ona keçə bilmirik.

- Mərkəzləşmiş şəkildə buraxılış imtahanları bu il ümumilikdə neçə məktəbdə keçiriləcək?

- Sumqayıtın bütün məktəblərində, Xətai rayonunun, Səbail rayonunun bütün məktəblərində, İmişli rayonunun bütün məktəblərində və Təhsil Nazirliyinə birbaşa bağlı olan 12 məktəbdə belə imtahanlar keçiriləcək. Ümumilikdə təxminən yüzdən çox məktəbdə keçiriləcək. Təxminən beş minə yaxın uşaq imtahandan keçəcək. Neçəsi qiymət alacaq, onu hələ bilmirik. Kim bu imtahanlardan müsbət qiymət almasa, ona attestat verilməyəcək.

- Pis nəticə göstərən məktəbləri nə gözləyir?

- Əlbəttə, ciddi tədbirlər gözləyir. Hətta sınaqlardan pis keçən məktəblər haqqında biz vaxtında tədbirlər görmüşük. Bəzilərinin direktorlarını cəzalandırmışıq, direktorları vəzifədən azad etmişik. Müəllimlər haqqında inzibati tədbirlər görmüşük. Bu imtahanın nəticəsinə görə onları daha ciddi tədbir gözləyir.

- Belə məlumatlar var ki, bu imtahanlardan pis çıxan məktəblər bağlana da bilər.

- Bu gün məktəbin bağlanmağından söhbət gedə bilməz. Biz digər tədbirlər görəcəyik. Çünki orta təhsil icbaridir. Məktəbi biz bağlaya bilmərik. Biz məktəb tikirik.

- Tam rüşvətsiz təhsil sistemi bizdə nə vaxt olacaq?

- Mənə belə gəlir ki, o zaman olacaq ki, müəllimlərin əməkhaqqı qaldırılacaq. Çox qaldırılacaq. Həmçinin biz məsələ ilə bağlı tədbirlərimizi mütəmadi olaraq davam etdirəcəyik.

- Müəllimlərin orta aylıq əmək haqqı sizcə, nə qədər olsa, normaldır? Yəni, əməkhaqqı nə qədər olsa, onlardan dərs tələb etmək olar?


- Hər ilin özünün tələbi var. Məsələn, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində bir müəllimə orta hesabla 20 şagird düşür. Azərbaycanda isə 9-10 şagird düşür. Demək, müəllimlərin sayı iki dəfə artıb. Müəllimlərin sayının iki dəfə artıq olması dərs yükünün iki dəfə az olmasına gətirib çıxarır. Müəllimlərlə söhbət etmişəm, onlar həftədə 24 saat dərsi yaxşı keçə bilər. bu müəllim 24 saata görə ayda 200-250 manat maaş ala bilər. Bu, heç də pis əməkhaqqı deyil. Biz bir ilin, iki ilin içində bu rəqəmə gəlib çata bilmərik. Çünki başqa müəllimləri işdən çıxarmaq qeyri-mümkündür. Təsəffür edin ki, ölkədə bir tərəfdən şagirdlərin sayı azalır, digər tərəfdən, müəllimlərin sayı artır. Biz keyfiyyətli dərs deyən müəllimlə digər müəllimi fərqləndirməliyik. Ancaq təəssüf ki, hələlik bu məsələyə ciddi riayət olunmur. Biz keyfiyyətli dərs verə bilməyən müəllimlərlə müxtəlif tədbirlər vasitəsilə qurtarmağa çalışmalıyıq.


Bookmark and Share
Zaur     Yanvar 24, 2008 22:01
Şərhlər(0)    136 oxunma
Təhsil    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Zaur
BU BLOG TEHSILLE BAGLIDIR 55 sayli orta mekteb haqqinda ve daha basqa
Siz hansi mektebin sagirdisiniz?




  • İndi blogda: 3
  • Keçən ayın hiti: 1156
  • Dünənki hit: 16
  • Bugünki hit: 33
  • Ümumi hit: 6523

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com