Çox adam hafizəsindən şikayət edir və Makedoniyalı İskəndər kimi güclü yaddaşa malik olmağı arzulayır. Deyilənlərə görə, İskəndər bütün əsgərlərinin adını əzbərdən bilirdi. Loqarifmlər cədvəlini əzbərdən yadda saxlayan akademik Landaunun da hafizəsinə qibtə etmək olar.
Lakin həsəd aparmaq lazım deyil - hər şey öz əlinizdədir. Soruşacaqsınız ki, məgər hafizəni bu dərəcədə inkişaf etdirmək mümkündürmü? Bəli, mümkündür. Alimlər sübut edir ki, insanın beyni ən xırda detalları belə yadda saxlamağa qadirdir. Bütün bu informasiyanı sonradan bərpa etmək üçün yalnız inad və mütəmadi məşqlər tələb olunur.
Hər insanın individual yadda saxlama stili var, yəni hər birimiz informasiyanı unutmamaq üçün müxtəlif üsullardan və fəndlərdən istifadə edirik. Yəqin ki, sənin də təcrübəndə hər hansı bir məlumatı yadda saxlamağa kömək edən metodlar mövcuddur. Əgər yox, onda təqdim etdiyimiz material məhz sənin üçündür.
Təklif etdiyimiz məşqlər müxtəlif hafizə növlərinin inkişafına yönəldilir və kifayət qədər sadədir.
Onların sırasından özünə daha münasib olanı seç və hafizəni gücləndir.
Göz yaddaşı
Göz, insanın informasiya aldığı ən əsas kanallardan biridir. İnformasiya insanın göz hafizəsində həkk olunur. Təbii ki, göz yaddaşı müxtəlif insanlarda müxtəlif dərəcədə inkişaf edib - kimidə çox, kimidə az.
Məsələn, güclü göz yaddaşına malik olan adamlar bir-iki dəfə baxmaqla hər hansı bir riyazi və ya fizika cədvəli, kimya reaksiyasının formulunu asanlıqla yadda saxlaya bilirlər. Dərs materialını mənimsəmək üçün isə belə insanlara bir neçə dəfə onu oxumaq kifayətdir.
İstəyirsən, sənin də belə yaddaşın olsun?
Onda təklif etdiyimiz məşqlərə başla! Onların vasitəsilə, istənilən fənlər üzrə, o cumlədən qəbul imtahanlarına, daha yaxşı, daha effektiv hazırlaşa biləcəksən.
Birinci məşq - "Obrazın yadda saxlanılması" - üç pillədən ibarətdir.
Bəzən hər hansı bir obrazı müəyyən müddətdə yadda saxlamaq və yada salmaqda çətinlik çəkirik.
1. Buna görə zehnini hər hansı bir informasiyadan "tam boşaldıb", 3-10 dəqiqə ərzində istənilən predmetə bax. (diqqətini onun mərkəzi nöqtəsində cəmləşdirib çalış ki, obyekti bütövlükdə görəsən və ya onun müəyyən hissəsini baxış əhatəsinə alasan). Sonra gözünü 3-4 dəqiqəliyə bağlayıb gördüyün obrazı mümkün qədər canlı və dəqiq təxəyyülündə bərpa etməyə çalış. Yaxşı olar ki, canlandırdığın obrazın özü də rəngli olsun. Məşğələ ərzində bunu 5-10 dəfə təkrarla və hər zaman xəyali obrazı onun orijinalı ilə müqayisə et. Hər yeni cəhd digərlərindən fərqlənməlidir, yəni hər dəfə məşqi dəyişik tərzdə yerinə yetirməyə çalış. Əsas məqsəd - istənilən vaxt gerçəklikdə gördüyün obrazı təxəyyülündə "təkrarlamaq" və "silmək"dir.
Eni zamanda bəzi insanlar lazımsız informasiyanı yaddan çıxartmaqda da müəyyən dərəcədə çətinlik çəkir. Lazımsız informasiya, yaddaşı "zibilləyərək" yeni materialın mənimsənilməsinə mane olur.
Məhz buna görə yadda saxlama vərdişlərilə parallel şəkildə yaddaşdan gərəksiz informasiyanı silmək bacarığını da inkişaf etdirmək lazımdır.
2. İlk növbədə, hər hansı bir əşyanı seç. 3-5 saniyə ərzində (nəfəsini çəkərək) onu ən xırda detallarda yadda saxlamağa çalış. Sonra, gözlərini bağlayıb, 3-5 saniyə ərzində həmin əşyanı təxəyyülündə təkrarla ((nəfəsini saxlayaraq). İndi isə nəfəsini yavaş-yavaş burax və beynindəki obrazı "uzaqlara atmağa" çalış. Bu məşqi bir neçə dəqiqə ərzində təkrarla. Hər 3-5 cəhddən sonra obrazın xəyali təsviri üsulunu dəyiş, yavaş-yavaş daha mürəkkəb obrazlara keç, yadda saxlama müddətini artır və ya azalt və s. Bütün bunların vasitəsilə yaddaşını sürətlə inkişaf etdirə biləcəksən.
3. Gözübağlı vəziyyətdə obrazı canlandırmağı öyrənəndən sonra növbəti məşğələyə keç. Məsələn, rahat pozada divanda əyləş - özünü tam sərbəst hiss etməlisən. Ətrafına nəzər sal - ürəyinə yatan hər hansı bir obyekti seç. Məsələn, masanın üstündəki qlobusu. Ona diqqətlə 5 dəqiqə ərzində bax - çalış ən xırda detalları belə nəzərindən qaçırmayasan. İndi isə gözlərini yumub, ona bir daha təxəyyülündə "bax". Sonra əvvəlcədən hazırladığın təmiz ağ vərəqə baxıb, həmin obrazı ekranda olduğu kimi kağızın üzərində "görməyə" çalış.
Konkret əşyaların "canlandırılmasını" öyrənəndən sonra, daha mürəkkəb obrazlara - şəkil, təbrik kartı və s. keçmək olar.
Hər məşğələdən əvvəl gözlərini bağla və təxəyyülündə lazımi obrazı canlandırıb, onu ən xırda detalları ilə təkrarla. Həmin metod vasitəsilə intellektual və fiziki məşğələlərin effektivliyini 2-3 dəfə artırmaq olar
Kibritlə məşğələ
Xahiş elə, bir nəfər kibritləri stolun üstündə düzüb ağ kağızla örtsün. Sonra kağızı 1-2 saniyəlik qaldırıb, kibritlərdən alınan fiquru sənə göstərsin. Həmin fiqura baxıb, gözlərini bağla və kibritləri saymağa çalış. Sonra gözünü aç və əvvəlcədən hazırladığın digər kibritlərdən yadda saxladığın fiquru eyni gördüyün kimi bərpa etməyə çalış. Kibritlərin sayını və düzdüyün fiquru orijinalla müqayisə et. Əgər yaddaşında asanlıqla 10-a qədər kibrit saxlaya bilirsənsə, bu yaxşı nəticədir.
Müşahidəçilik qabiliyyətini və göz yaddaşını inkişaf etdir
Bu məşq vasitəsilə gördüklərini daha dərindən dərk edəcəksən və beləliklə, öyrənmək istədiyin materialı dəqiqliklə yadda saxlaya biləcəksən.
İstənilən əşyanı (və ya bir neçəsini) masanın üstünə qoy (məsələn, yazı ləvazimatlarını, divardakı şəkili, uşaq oyuncaqlarını, jurnaldakı illüstrasiyanı və s.). Bir dəqiqə ərzində diqqətlə həmin əşyalara bax. Çalış mümkün qədər çox detal yadında qalsın - əşyaların forması, rəngi, dizaynı, modeli və s. Əşyaya xas olan elementlərin miqdarını dərk elə və təxəyyülündə onların siyahısını tut. Sonra həmin əşyanı stolun üstündən götürüb yerini dəyiş. Bir daha köhnə yerə baxaraq, həmin əşyanı əvvəlki kimi təsəvvür etməyə çalış.
Bundan sonra gözünün önünə gətirdiyin əşyanın elementlərini kağız üzərində sadala və hazırladığın siyahını orijinalla müqayisə et.
Hər məşğələdən sonra nəticələri araşdır. Bunun üçün əşyaların ümumi sayını qeydə al. Hər düzgün müşahidəni "+1" bal kimi , hər yanlış müşahidəni "-1" bal kimi hesabla. Sonra balları topla və əşyaların ümumi sayına böl. Beləliklə, məşğələlərin nəticəsini çıxara biləcəksən.
Siseronun metodu
Siseronun metodu müxtəlif materialların yadda saxnalılması üçün ən effektiv üsullardan biridir.
Bu metoddan qədim dövrlərdən bəri istifadə etməyə başlamışdılar. XIII əsrdə bu metodun vasitəsilə dominikan-rahiblər natiqlik sənətini öyrənirdilər. Rahiblər konkret yolu "seçib", onu təxəyyüllərində "keçirdilər" və "keçdikləri" həmin yol boyunca nitqləri üçün hazırladıqları fikirləri, sözləri "səpələyirdilər". Çıxış zamanı isə həmin yolu bir daha xəyalən keçir, "qoyduqları" fikirləri, sözləri "görüb qaldırırdılar".
Sən də həmin metoddan istifadə edə bilərsən. Əvvəlcə lazımi informasiyanı yadda saxlamaqda sənə kömək edəcək şərti "yolu" seç - bu, hər hansı bir küçə, hər gün evə gələndə keçdiyin yol, hətta bir otaqdan digərinə aparan koridor da ola bilər. Belə bir situasiyanı fərz edək - anan səni ərzaq dalınca mağazaya göndərir. Bunun üçün dayanacaqdan mağazaya qədər yol getməlisən. Yadına sal - həmin yolda diqqəti cəlb edən nələr var. İndi isə həmin yadda qalan yerdərdə ev üçün alınacaq ərzaqları "yerləşdir". Məsələn, dayanacaqda yağ qutusunu "qoy", yolda rastlaşdığın hündür ağacın budaqlarından alma "as", təsəvvür et ki, balkonun altında dayanan köhnə maşının içinə makaron tökülüb və s. Beləliklə, mağazaya çatanda, sadəcə olaraq keçdiyin yolu gözünün önünə gətirmək kifayətdir - hər nə almalısansa, dərhal yadına düşəcək.
Lakin aşağıdakıları unutma:
obrazlar yaxşı yadda qalan yerlərdə "qoyulmalıdır";
kiçik obrazlar həcmdə böyüdülür, irihəcmli obrazlar isə əksinə kiçildilir;
assotiativ bağlantı aydın, qeyri-adi və dinamik olmalıdır